25.11.2024
Noyabrın 25-də Masallı Tarix- Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi ,Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə gənclər və idman sektoru, Masallı Gənclər Evi sosial xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, qazilər və kollec tələbələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyev və vətənin azadlığı , suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə gənclər və idman sektorunun nümayəndəsi Sabiq Cahangirov Kəlbəcər şəhəri günü münasibətilə hamını təbrik edərək Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib.
Daha sonra “Masallı Gənclər Evi “ SXM-nin Vətənpərvərlik klubunun rəhbəri, Vətən müharibəsi iştirakçısı Fikrət Yaqubov, qazi Talib Qəzənfərli Kəlbəcər şəhəri gününün ölkəmizin hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğunu vurğulayaraq Azərbaycan Ordusunun əsgəri kimi torpaqlarımızın yağı tapdağından azad edilməsində xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Yekunda tədbir iştirakçıları Kəlbəcər haqqında filmə baxaraq xatirə şəkilləri çəkdiriblər .